Bizim qədim sevgi hekayətimiz - xalçalar...

 

Səttar Bəhlulzadənin mənəvi tələbəsi

 

Azərbaycanda tətbiqi sənət növünün ən qədim sahələrindən biri də xalça toxuculuğu sayılır. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələr sübut edir ki, bu sənət növünün tarixi Tunc dövrünə, yəni 5 min il əvvələ gedib çıxır. Orta əsrlərdə isə Azərbaycan Şərqdə xovsuz və xovlu xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri olub və təsadüfi deyil ki, bu qədim sənət nümunəsi ölkəmizi bütün dünyada tanıdıb.

Qədimdə nənələr xalça naxışlarını çeşnisiz - məişətdə, təbiətdə gördükləri əsasında toxuyurdularsa, bu gün xalçaçı-rəssamları öz fantaziyaları əsasında yaratdıqları əl işləri ilə xalça sənətimizi daha da inkişaf etdirirlər. Eldar Mikayılzadə məhz xalçaçı-rəssam kimi bu sənəti yaşadan, dünyaya tanıtdıran sənətkarlardan biridir.

Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra  Eldar Mikayılzadə təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirib. Onun xalçaçılıq sənətinə marağı Leninqradda təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra başlayıb. Eldar Mikayılzadə əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyib, daha sonra isə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi fəaliyyət göstərib. Rəssam əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirmiş, sonralar özünün “Xalı” şirkətini yaratmışdır. Eldar Mikayılzadə  Dövlət Rəssamlıq Akademiyasının müəllimidir. O, 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqının və YUNESKO yanında Rəssamlar Birliyinin üzvüdür. Müəllifi olduğu “Yaranış” xalçası Frankfurtda keçirilən beynəlxalq sərgidə qızıl medala layiq görülüb. Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveytdə şəxsi kolleksiyalarda saxlanılır.

Eldar Mikayılzadənin bu sənətə həvəsi hələ uşaqlıq illərindən olub. Görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadə ilə qonşu olan Eldar Mikayılzadənin bu sənətə həvəsi də buradan qaynaqlanıb. Bu barədə rəssam özü belə deyir: “Rəssamlığa uşaqlıqdan həvəsim olub. Səttar Bəhlulzadə qonşumuz idi. Bir gün atam onu bizə dəvət etdi; o mənim əl işlərimi görüb, çox bəyəndi. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuduğum illərdə Səttar Bəhlulzadə hara gedərdisə, məni də özü ilə aparardı. O, heç vaxt rəsm çəkməyi öyrətməzdi. O, mənə rəssam kimi yaşamağı, hər şeyə rəssam kimi baxmağı öyrədərdi. Xalçaçılığa isə çox sonralar maraq göstərməyə başlasam da, bu sənətə ömürlük vuruldum...”.

 

“Azərbaycanlıların ana dili...”

 

Eldar Mikayılzadənin ilk sərgisi 1991-ci ildə Londonda keçirilib. Sənətkar deyir ki, ilk sərgimdə müsahibə verərkən belə bir cümlə işlətmişdim ki, “Xalçaçılıq azərbaycanlıların ana dilidir”.

Azərbaycan xalçaları xalqın keçmişini, bu gününü əks etdirir, tariximizi naxışlara çevirərək yaşadır, gələcəyə aparır. Xalçaçılıq eyni zamanda xalqımızın mədəniyyətini, adətlərini, istəklərini yaşadan bir sənət növüdür.

Eldar Mikayılzadə portret xalçalar az işləsə də, daha çox süjetli və ornamentli xalçalara üstünlük verir. Rəssam bu barədə belə deyir: “Çalışıram ki, xalçada konkret bir fikir, mövzu və fəlsəfə olsun. Xalça ölçüsündən, naxışlarından tutmuş rənginə qədər həmin o mövzunu, fikri açmalıdır. Məsələn, mən indi ”Şəbi-hicran" (“Ayrılıq gecəsi”) xalçası üzərində işləyirəm. Burada xalçanın həm ornamentləri, həm də rəng həlli Leyli və Məcnunun ruhunu göstərməyə xidmət etməlidir. Deyə bilmərəm ki, əsərlərimdə Avropa mədəniyyətinin təsiri yoxdur. Şərq xalçalarındakı rəmziliyi, stilizə mədəniyyətini, ornament sənətini Avropa rəssamlıq ənənələri ilə birləşdirəndə maraqlı nəticə alınır. Çünki biz həm Avropa, həm də Şərq mədəniyyətinə aid olan xalqıq. Mən də öz xalçalarımda bu iki böyük mədəniyyəti, düşüncə tərzini birləşdirməyə çalışıram".

Eldar Mikayılzadə “Şəbi-hicran” mövzusuna əslində üçüncü dəfədir ki, müraciət edib. Ilk dəfə 1981-ci ildə tələbə ikən bu mövzuya müraciət edən rəssam Sadiq Şərifzadənin “Füzuli” portreti əsasında bu əsəri yaratmışdır. Rəssam bu barədə deyir ki, “Təbii ki, onun (S.Şərifzadənin) çəkdiyi portret Füzulinin gerçək simasını əsk etdirmirdi, amma hamı Füzulini o surətdə qəbul edirdi. Füzuli daxili aləminə görə belə təsvir olunur. Mən də onun ruhunu xalçaya köçürmək istədim. Onun iç dünyasını göstərdim. Füzulinin yaradıcılığının əsasını üç amil - poeziya, fəlsəfə və musiqi təşkil edir. Füzulinin bütün qəzəlləri musiqi üzərində qurulub. Ona görə də muğamda rahat ifa olunur. Onun qəzəllərinin fəlsəfəsi çox dərindir. Poeziya da öz yerində. Füzulinin obrazını üç ağac kökündən yaratmaq fikri bundan irəli gəldi. Çiçək açan ağac, yaşıl ağac və bar verən ağacla Füzuli yaradıcılığını təsvir etdim. Buludlar vasitəsi ilə də Füzulinin qəzəlindən bir beyt yazdım. Gözləmədiyim halda bu işim çox gözəl qarşılandı. Bu xalça 1982-ci ildə Bakıda I Xalça Simpoziumunda nümayiş olundu...”.

Rəssamın ilk “Şəbi-hicran”da xalça açıq rənglərlə toxunsa da, ikincidə tutqun rənglərə üstünlük verilib. Əsərdə təsvir olunmuş sönmüş şamlar bu dünyada vüsala çatmayan Leyli və Məcnunu ifadə edir. Rəssam bu mövzudakı üçüncü əsərində isə  Füzulini ağaclarla yox, qayalar, dağlarla yaratmış, kompozisiya isə Tuba ağacının təsviri ilə bitir. Bu əsərdə həmçinin rəssam Füzuli yaradıcılığı ilə sıx ünsiyyətdə olan Səttar Bəhlulzadə və Üzeyir Hacıbəyovun da obrazlarını təsvir edib.

 

60 əsərdən əlli yeddisi xarici ölkələrdə...

 

Eldar Mikayılzadə xalçanın necə toxunduğunu xaricdən gələn qonaqlara göstərmək üçün xalçanın necə ərsəyə gəldiyi ideyasını gerçəkləşdirən ilk rəssamdır. Rəssamın qoyunların otarılmağından tutmuş xalçanın bazarda satılmasına qədər bütün prosesi əks etdirən çeşnisi əsasında da xalça toxunmuşdur. Bu əsərlə təkcə xalçanın yox, eyni zamanda ailənin, dövlətin yaranması prosesi əksini tapmışdır. Bu xalçada ailə ilə bağlı bir səhnə - qızla oğlanın kələfdən ip açması səhnəsi verilib. Bu kompozisiyada “Şeyx Səfi”, “Pazırık”, “Pirəbədil”, “Sərab”, “Xilə-Buta”, “Çiçi” xalçalarının, vərni, Qarabağ xurcunlarının da təsviri də əks olunub. Eyni zamanda xalçanın yuxarı hissəsində isə xalçaçı-rəssamın yazdığı bayatı yer alıb:

Əzizinəm, xana qursam,

Xanə içrə xana qursam;

O gün mənə azar gələr,

Mən xanadan yana dursam.

Eldar Mikayılzadənin yaratdığı altmış əsərindən əlli yeddisi xarici ölkələrdə fərdi kolleksiyalarda və muzeylərdə saxlanılır. Azərbaycan incəsənətinə, mədəniyyətinə olan marağın nəticəsidir ki, əcnəbilər xalçalarımızı alıb öz  kolleksiyalarına daxil edirlər.

Rəssam xarici ölkələrdən aldığı sifarişlər əsasında da əsərlər yaratmışdır. Rusiyada “Xilaskarın məbədi” rəssama pravoslav kilsəsi “İsa peyğəmbərin həyatı” adlı əsər sifariş etmiş, daha sonra iki rəsm əsərini almışdır. “Məryəm və Zəkəriyyə” əsərini isə Roma Katolik Kilsəsi alıb.

Eldar Mikayılzadə əsərlərinin heç birinə imza qoymur. Bu barədə rəssamın özü belə deyir: “Əsərlərimin kimə məxsus olduğunun bilinməyi vacib deyil. Əsas odur ki, bu əsərlərdə azərbaycanlı ruhu olsun. Mən gördüyüm işlə öyünmürəm. Bu, xalq sənətidir. Mən bir kərpic qoyuram, məndən sonra gələn də bir kərpic qoyacaq. Bu xalçalarda, rəsm əsərlərində fərdlərin yox, bütünlükdə Azərbaycanın imzası var. Bu gün biz ”Pirəbədil", “Xilə-Əfşan”, “Şeyx Səfi” ilə fəxr edirik, onların ilk müəlliflərini axtarmırıq, “bizim xalçalardır” deyirik. Yüz ildən sonra bizim gələcək nəsil nə ilə fəxr edəcək? Bunun üçün çalışmaq lazımdır...".

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 19 iyun.- S.14.